İspaniya La Liqasının 21-ci turundan təxirə salınan qarşılaşmada “Atletiko” “Vanda Metropolitano” stadionunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Levante” ilə üz-üzə gəlib.

İlk hissə Dieqo Simeonenin komandasının sürətli hücumları şəraitində keçsə də, hesab açılmayıb. Fasilədən sonra təşəbbüsü ələ alan “Levante” rəqibi müdafiəyə çəkilməyə məcbur edib. Komandanın fəallığı 54-cü dəqiqədə nəticə verib. Xorxe de Frutosun ötürməsindən sonra Qonsalo Melero topu qüvvətli zərbə ilə qapıya vurub. Paytaxt futbolçuları məğlubiyyətdən xilas olmaq istəsələr də, cəhdləri nəticəsiz qalıb. Beləliklə, ardıcıl 4-cü oyunda “Levante” ilə bacarmayan “Atletiko” futbolçuları La Liqada qeyri-sabit çıxışını davam etdirməkdədir. Komanda 39 xalla 5-ci pillədədir. 14 xalı olan “Levante” isə sonuncudur. Çempionata 54 xalla “Real” Madrid başçılıq edir və ən yaxın rəqibi “Sevilya”nı 4 xal qabaqlayır.